şənbə 21 fevral 2026 - 17:33
Millətlərin həssas məqam və tarixi dönüş nöqtələrində qələbə və məğlubiyyət amilləri / Mübarək Ramazan ayının 10 əsas xüsusiyyəti

Hövzə / Ayətullah Ərafi, Qum şəhərində keçirilən cümə namazının xütbəsi zamanı deyib: Bu gün İran və İslamın, həmçinin müqavimət cəbhəsinin düşüncəsi üzərində mürəkkəb idrak və koqnitiv müharibə hökm sürür. Əgər kimsə bu müharibənin təsir dairəsinə düşüb və hesablamada səhvə yol verərsə, ciddi çətinliklərlə üzləşəcəyik.

Hövzə Xəbər Agentliyinin müxbirinin  verdiyi məlumata görə, Ayətullah Əlirza Ərafi 20 fevral 2026-cı ildə (1 esfənd 1404 şəmsi) Qum şəhərində yerləşən Qüds məscidində keçirilən cümə namazının xütbələrində mübarək Ramazan ayının gəlişini təbrik edərək baş vermiş beynəlxalq hadisələri təhlil edərək bildirib: Bu gün ölkəmiz və İslam dünyasının yaşadığı şərait xüsusi bir vəziyyətdir. Qüdrətli İran xalqı bu ilin 11 fevral (22 Bəhmən) tarixində heyrətamiz bir hadisə yaratdı, həm yüksək düşüncə və həmrəyliklərini bütün dünyaya nümayiş etdirdi, həm də İslam və İranın, həmçinin inqilabın düşmənlərinə qarşı yeni bir güc göstərdi. 11 fevral yürüşünün əzəmət və şöhrəti son dərəcə diqqətəlayiq və yüksək keçirildi.

O davam edib: Bütün millətlər bəzən həssas və tarixi dönüş nöqtələrinə çatırlar ki, bu nöqtələrdə müdrik və uzaqgörən olmaq son dərəcə önəmlidir. İslam, İran və dünya tarixini araşdırmaq onu göstərir ki, tarixi dönüş nöqtələrində bəzən millətlər parlaq şəkildə çıxış edərək qalib gəlib, bəzən isə laqeydlik göstərərək məğlub olublar. Bizdə həm Bədr, Xeybər və Əhzab kimi İslamın genişlənməsinə səbəb olan döyüşlər baş verib, həm də Ühüd və Siffeyn kimi haqq cəbhəsinin məğlub olduğu müharibələr mövcuddur.

Qum şəhərinin cümə imamı bildirib: İran və region tarixində də bəzən İran müharibələrdə məğlub olmuş, bəzən isə qələbə qazanmışdır. İslam İnqilabı millətin ayılmasının dönüş nöqtəsi oldu. Səkkiz illik İran-İraq müharibəsi və son 12 günlük düşmən təxribatı tariximizdə siyasi baxımdan parlaq hadisələrdir. Son iğtişaş gecesində isə əziz İran xalqının müdrik və uzaqgörən olması ağır itkilərin qarşısını aldı. Lakin İran-Osmanlı, İran-Rusiya müharibələri, Bəhreyni itirmək və 19 avqust 1953 (28 mordad 1332 şəmsi) çevrilişi kimi hadisələrdə məlumatsızlıq və zəiflik qalibiyyətin qarşısını aldı.

Ayətullah Ərafi əlavə edib: Bu gün xüsusi bir vəziyyətdəyik. 11 fevral (22 Bəhmən) böyük bir güc yaratdı, lakin millətlərin məğlubiyyətinə səbəb olan amilləri də bilməliyik.

Həssas məqamlarda və tarixi dönüş nöqtələrində millətlərin məğlubiyyətinə səbəb olan amillər:

Birinci amil: Təhlil və analiz səhvləri və zəruri məlumatın olmaması

Ölkə üzrə Elmi hövzələrin rektoru əlavə edib: Bu gün İranın, İslamın və müqavimət cəbhəsinin düşüncəsi üzərində mürəkkəb idrak və koqnitiv (psixoloji) müharibə hökm sürür. Əgər kimsə bu müharibənin təsir dairəsinə düşüb və hesablamada səhvə yol verərsə, ciddi çətinliklərlə üzləşəcəyik.

Qum şəhərinin cümə imamı davam edərək bildirib: Bu gün bəzi açıq hadisələr gənclərin zehnindən silinmişdir. Şah rejiminin süqutunun əsasları zülm və ədalətsizliyə söykənən bir rejim üçün və İran xalqı üçün ən böyük qürur mənbəyidir. İslam düşmənləri tərəfindən dəstək alan, tamamilə fəsad və korrupsiyada batmış Pəhləvi rejimini siz aradan apardınız. Pəhləvi rejimi ilk dəfə olaraq müstəmləkəçiliyi ölkəyə gətirərək başqalarından asılılığı yaratdı.

O qeyd edib: İran həmişə bir imperiya olmuşdur və həm məğlubiyyət, həm də qələbə yaşamışdır. Lakin Pəhləvi dövrü asılılığı ölkə tarixinə yazdı. Bu gün bəzi insanlar bu əsasları bilmir və məhz bu, idrak və koqnitiv müharibənin mahiyyətidir.

İkinci amil: Sosial həmrəyliyin zəifliyi

Ölkə üzrə Elmi hövzələrin rektoru əlavə edib: Həmrəylik və birliyin zəifliyi, həssas dövrlərdə millətlərin məğlubiyyətinə səbəb ola biləcək başqa amillərdən biridir.

Üçüncü amil: İradə və qərar verməkdə süst və səriştəsizlik

Qəyyumlar Şurasının üzvü bildirib: Əgər müstəmləkəçilər iradəmizi və qərarlılığımızı ələ keçirsələr, məğlub olarıq. İradə qələbənin əsas sirridir. Allah Ənfal surəsinin 46-cı ayəsində buyurur:
"وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِیحُکُمْ"

Allah və onun peyğəmbərinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir.

Dördüncü amil: Düşməndən məğlubiyyət qorxusu və kədər

Qum şəhərinin cümə imamı bildirib: Allah Ali İmran surəsinin 139-cu ayəsində buyurur:

"وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ کُنْتُمْ مُؤْمِنِینَ"
“Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Bu ayə müsəlmanların Ühüd döyüşündəki məğlubiyyətlərindən sonra onların ümidsizliyə düşməmələri üçün bir xəbərdarlıq mahiyyətində olub, güclü bir imanla gələcəkdə çoxlu zəfərlər əldə edə biləcəklərini bildirir.)”
Bu ayədə Allah düşmənlər qarşısında qorxmamağa diqqət çəkir və bunu qələbənin əsas amili kimi təqdim edir.

Beşinci amil: Müharibə zamanı ordunun zəruri hazırlığının olmaması

Ölkə üzrə Elmi hövzələrin rektoru 
«وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ
“Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın!” (Ənfal 60) ayəsinə işarə edərək bildirib: Müharibə zamanı ordunun və müdafiə qabiliyyətinin kifayət qədər hazır olmaması millətlər üçün təhlükə mənbəyidir.

Altıncı amil: Komandanlıqla əlaqədə zəiflik

Ayətullah Ərafi əlavə edib: Rəhbərliyə tabe olmaq və əlaqədə zəiflik isə digər bir məğlubiyyət amilidir. Bu gün müdrik, mücahid və uzaqgörən Ali Məqamlı Rəhbərin sayəsində ölkəmiz əmin-amanlıq içərisindədir. Bu mərkəzi nöqtədən uzaqlaşmaq və komandanlıqdan kənarda qalmaq başqa bir təhlükədir.

Yeddinci amil: İmanda və ilahi yardımda zəiflik

Qum şəhərinin cümə imamı deyib: Allah Ali İmran surəsinin 173-cü ayəsində buyurur:

"الَّذِینَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَکُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِیمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَکِیلُ"

“Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər..”

İman və qətiyyətli olmaq qələbənin ilk şərtidir

O təkid edərək vurğulayıb ki, imanlı cəmiyyətdə qələbənin ilk şərti Allaha iman və onun yolunda sabitqədəm olmaqdır. Allah Ali İmran surəsinin 126-cı ayəsində buyurur:
«وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیم"
“Allah bunu sizin üçün yalnız müjdə olsun və qəlbləriniz rahatlasın deyə etdi. Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.”

Ölkə üzrə Elmi hövzələrin rektoru əlavə edərək bildirib: Boş danışanlar bilsinlər ki, qüdrətli İran İslam Respublikası mübarək Ramazan ayındadır və Allah yolunda cihad edir. Heç vaxt düşmənlər qarşısında boyun əymir və Allahın köməyi ilə sizin  qarşınıza çıxacaq.

Qum şəhərinin cümə imamı
إِنْ تَصْبِرُوا وَتَتَّقُوا وَیَأْتُوکُمْ مِنْ فَوْرِهِمْ هَٰذَا»

“Bəli, əgər səbir edib (Allahdan) qorxsanız və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər" ayəsinə istinad edərək deyib: Səbir və müqaviməti yolunu qoruyun, zəifliyə yol verməyin.

Qələbə və təhlükələrdən keçməyin şərtləri

Ayətullah Ərafi düşmənlər üzərində qələbə qazanmaq və təhlükələri dəf etmək üçün əsas və strateji amilləri belə sıralayıb:

1. Allaha iman;


2. Doğru analiz və düzgün anlayış;


3. Birlik və həmrəylik;


4. Rəhbərliyə itaət;


5. Şücaət və qorxmamaq;


6. İradə, sabitqədəm və səbir;


7. Müharibəyə hazırlıq.

Ölkə üzrə Elmi hövzələrin rektoru İran xalqına müraciət edərək bildirib: Allaha təvəkkül edərək ona etimad edin. Düşmənlər zəif və gücsüzdür. Allahın köməyi ilə bu xalq düşmənlər üzərində qələbə qazanacaq və müqavimət yolu Fələstin, İraq, Livan, Yəmən, bütün İslam dünyası və İran üçün davam edəcək.

Mübarək Ramazan ayının hörmətinin qorunmasının zəruriliyi

Qum şəhərinin cümə imamı Ramazan ayının hörmətinin qorunmasının vacibliyinə toxunaraq vurğulayıb: Ramazan ayının hörmət və ehtiramını ev, idarə, təhsil müəssisələri, küçələr, xüsusilə də bu müqəddəs şəhərdə daha da artırmalıyıq.

O qeyd edib: Ramazan ayının təbliği üçün məscidlərin, cümə namazlarının və digər ibadətlərin olması zəruridir. Ramazan ayının cümələri digər cümlələrdən fərqlənir. Məscidlərdə keçirilən bu aya məxsus proqramlar və evlərdə və digər mərkəzlərdə təşkil olunan müxtəlif fəaliyyətlər gənc nəsilin maariflənməsi və tərbiyəsi ilə birləşməlidir.

Ramazan ayı: İlahi, sonsuz fəzilətlər ayı

Ayətullah Ərafi Qum şəhərində keçirilən cümə namazının birinci xütbəsində bildirib: Ramazan ayı böyük əzəmət və cəlala malikdir. Bu səbəbdən, ayə və rəvayətlərdə onun üçün yüzdən artıq ad və təsvir qeyd edilmişdir. Bu qədər diqqət həmin ayın zahiri və batinində mövcud olan sonsuz ilahi fəzilətlərin göstəricisidir.

O davam edərək bildirib: Ramazan ayının ruh və batinində qeyb səsləri, səmavi nəfəs və sonsuz bərəkətlər mövcuddur. Məhəmməd Peyğəmbər (s) və Əhli-beyt (ə) mübarək Ramazan ayına yaxın günlərdə tövsiyə edərdilər ki, böyük bir ayın gəlməsinə hazır olun.

Qum şəhərinin cümə imamı bildirib: Ramazan ayının bir mənəviyyatı vardır ki, bu ayda hamı onun mənəviyyatına daxil olmuş və onu dərk etmişdir. Lakin bu əziz ay ayların ən üstünü və zamanın ən dəyərlisi bir də mələkut və ruha malikdir ki, onu möminlər, oruc tutanlar və onun hüdudlarını tanıyanlar dərk edirlər.

Mübarək Ramazan ayının 10 əsas xüsusiyyəti:

Birinci xüsusiyyət: Allahın zatına mənsubiyyət

Ölkə üzrə Elmi hövzələrin  rektoru ayə və rəvayətlərə əsasən bu ayın uca Allahın zatına xüsusi mənsubiyyətə malik olduğunu bildirərək vurğulayıb: Bütün gün və hadisələr Allaha məxsusdur, həmçinin bütün bəşər və yaradılış aləmi də Allaha aiddir. Lakin məkan və zaman hadisələri arasında elə xüsusi nöqtələr vardır ki, onlar xüsusi şəkildə Allaha nisbət verilmişdir və bu da həmin məkan və zamanlarda ilahi təcəllilərin xüsusi şəkildə zahir olmasını göstərir.

O əlavə edərək bildirib: Kəbə Allahın evidir, halbuki bütün məscidlər, o cümlədən bütün aləm onun mülküdür. Cümə günü “Yovmullah” (Allahın günü) adlandırılır, halbuki bütün günlər Allaha məxsusdur. Bütün bəndələr də Allahın bəndəsidir. Lakin həzrət Məhəmməd (s) xüsusi mənada “Abdullah”dır. Zaman kəsimləri və aylar arasında da Ramazan ayı Allaha xüsusi mənsubiyyətə malikdir. Ramazan “Şəhrullahdır" (Allahın ayı) və bu ayda Allahla xüsusi bir əlaqə qurulur ki, onun lütf və mərhəmətinə yaxınlaşma və təvəssül yolu daha geniş şəkildə açılır.

İkinci xüsusiyyət: Böyük hadisələrin məkanı

Qum şəhərinin cümə imamı bildirib: Ramazan ayında böyük hadisələr baş vermişdir. Rəvayətlərə əsasən, “Ulul-əzm” peyğəmbərlərin bütün kitabları, o cümlədən Qurani-Kərim Ramazan ayında nazil olmuşdur. Aləmin nuru da Ramazan ayında yaradılmışdır. Həmçinin qeyb aləmində də Ramazan ayı fövqəladə cəlal, əzəmət və parlaqlığa malikdir.

Ayətullah Ərafi, bu ayda cənnət qapılarının açıldığını və cəhənnəm qapılarının bağlandığını bildirərək əlavə edib: Bu zaman kəsimində tarix boyu böyük hadisələr silsiləsi baş vermişdir və bu gün də Ramazan ayı yaradılış (təkvin) və şəriət qanunları (təşrii) aləmində böyük dəyişikliklərin və bu aləmin qeyb aləmi ilə əlaqəsinin başlanğıcıdır. Bu hadisələr göstərir ki, Ramazan ayının ruhunda və batinində keçmişdə, indi və gələcəkdə bu hadisələrin baş verməsinə səbəb olan xüsusi bir potensial və imkan mövcuddur.

Üçüncü xüsusiyyət: Xüsusi əməllər və ibadətlər üçün zaman
Qum şəhərinin cümə imamı bildirib: Ramazan ayı özündə daşıdığı xüsusi qabiliyyət və istedad səbəbilə xüsusi ibadətlər üçün bir zərfdir. Oruc ibadətlər arasında Allaha xüsusi bağlılıq və ilahi sirr məqamına malikdir və bu ilahi sirr məhz bu ayda qərarlaşdırılmışdır. Bu məsələ göstərir ki, Ramazan ayında onu ilahi sirrə və vacib oruca layiq edən xüsusi bir xüsusiyyət vardır.

Dördüncü xüsusiyyət: Əməllərin xüsusi şəkildə qəbul olunması

Ölkə üzrə Elmi Hövzələrin rektoru bildirib: Ramazan ayı Allah rəhmətinin təcəlli olunduğu bir aydır. Bu ayda dua və ibadətlərin daha tez və daha rahat qəbul olunmasına və onların nöqsanlarının aradan qaldırılmasına səbəb olur.
 «إِلَیه‌ یَصعَدُ الکَلِم‌ الطَّیِّب‌»
Yaxşı söz ona doğru yüksələr və onu yüksəldən isə yaxşı əməldir.

Beşinci xüsusiyyət: Əməllərin savab və mükafatının qat-qat artırılması

Ayətullah Ərafi bildirib: Rəvayətlərdə qeyd olunmuşdur ki, Ramazan ayında bir ayənin tilavəti başqa aylarda Qurani-Kərimi xətm etməyə bərabərdir. Həmçinin rəvayətlərdə gəlmişdir ki, Ramazan ayında görülən bir xeyirli əməl digər aylarda eyni əmələ nisbətən qat-qat artıq savaba malikdir.

Rəvayətlərdə savabın çoxalmasına səbəb olan 25 amil qeyd edilmişdir ki, onlardan biri də zaman zərfi olan mübarək Ramazan ayıdır.

Altıncı xüsusiyyət: Mubah və qeyri-ixtiyari işlər üçün savab

Qum şəhərinin cümə imamı rəvayətə istinad edərək qeyd edib: “أنفاسکم فیه تسبیح ونومکم فیه عباده” 
 yəni digər günlərdə heç bir dəyəri olmayan mubah və qeyri-ixtiyari işlər Ramazan ayında dəyər qazanır. Başqa sözlə desək, hətta məcburiyyətdən kənar olan işlərdə belə Ramazan ayında savab və mükafat vardır ki, bu da mübarək Ramazan ayının əzəmətini göstərir.

Yeddinci xüsusiyyət: Günahların bağışlanması və əfv

O bildirdi: Rəvayətlərdə günahların bağışlanması məsələləri qeyd edilmişdir. Ramazan ayında ən az əməl sahibləri üçün belə günahlar bağışlanılır. Rəvayətlərə əsasən, bəzi şərtlər daxilində şəxs Ramazan ayının sonunda bütün günahlardan paklanır. Əgər Ramazan ayının düzgün yolunu və qaydalarını öyrənsək, onun mənəvi və ilahi fəzilətlərini dərk edərək ruhumuz üçün açılan sonsuz dünyaları başa düşə və yaşayarıq.

Səkkizinci xüsusiyyət: Mələklərin istiğfarı

Qum şəhərinin cümə imamı davam edərək deyib: Rəvayətlərdə qeyd olunub ki, Ramazan ayının başlanğıcında ərşdə olan bütün mələklər oruc tutan və möminlər üçün istiğfar etmək vəzifəsi ilə vəzifələnir və yer üzərinə göndərilir.

Doqquzuncu xüsusiyyət: Allaha xatir yardımlaşma və sosial mədəniyyət

O Ramazan ayının xüsusi xüsusiyyətlərini izah edərkən bildirib: Ramazan ayı Allaha xatir yardımlaşma və sosial dəstək məktəbi, həmçinin birlik və sosial həmrəyliyi gücləndirən məktəbdir. Rəvayətlərdə Ramazan ayında gözəl əxlaq, Allaha xatir yardım, iftar vermək və insanlara kömək etmək kimi fəzilətlər qeyd edilmişdir.

Ölkə üzrə Elmi hövzələrin rektoru  əlavə edib: Mübarək Ramazan  ayının mənəviyyatı insan formalaşdıran və cəmiyyət yaradan bir məktəb olaraq İslam cəmiyyətinin formalaşmasına xidmət edir. Ramazan ab-havası əxlaq keyfiyyətlərini inkişaf etdirməli və mənfi vərdişləri aradan qaldırmalıdır.

Onuncu xüsusiyyət: Yeni nəsil üçün tərbiyə məktəbi

Ayətullah Ərafi bildirib: Ramazan ayı bu ayda oruc tutmaqla ilahi mənəviyyata yüksəliş üçün tərbiyə məktəbidir. Çünki orucun mərtəbələri vardır. Həmçinin Ramazan ayı yeni nəsil formalaşdırmaq üçün bir tərbiyə məktəbidir. Bu müqəddəs ayın mənəviyyat və mədəniyyətini gələcək nəsilə çatdırmalıyıq. Hər kəs gənc və yeniyetmələrə dəstək olmaq üçün çalışmalıdır.

Qum şəhərinin cümə imamı xatırladıb: Bu gün gənclərimiz amansız və çoxsaylı hücumların hədəfindədir. Onlara Ramazan ayını başa salmalı və onun şirinliyini qəlb və ruhlarına hopdurmalıyıq. Hamı Ramazan ayının ilahi dəyərlərinin qorunması üçün birgə çalışmalıdır.

Qum şəhəri: İlahi elmlərin əsas mərkəzi

Ayətullah Ərafi Qum şəhərinin mövqeyinə işarə edərək deyib: Qum şəhəri ilahi elmlərə və böyük tarixə əsaslanan bir şəhəridir. Burada həzrət Məsumənin (s) müqəddəs hərəmi və saleh insanların qəbri yerləşir. Bu şəhər Ramazan ayının mənəviyyat rənginə boyanmalıdır.

Qum şəhərinin cümə imamı son olaraq vurğulayıb: Ramazan ayında İslam dinin əlamətləri bütün mühitdə görünməli və hər kəs əmr-be-məruf və nəhy-əz-munkər (yaxşılığa dəvət və pisliklərdən çəkindirmək) prinsiplərini davam etdirməlidir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha